
IDEA kampaniyası “Yer Saatı” aksiyasını dəstəklədi
Category : Blog
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (International Dialogue for Environmental Action) kampaniyanın əsas fəaliyyət istiqamətlərindən biri iqlim dəyişikliyi problemi olduğu üçün, iqlim dəyişikliyi ilə mübarizə naminə keçirilən istənilən həm yerli, həm də xarici aksiyalara kampaniya hər zaman öz dəstəyini göstərməkdədir.
Bununla əlaqədar olaraq IDEA kampaniyası – Earth Hour Azərbaycanın əməkdaşlığı ilə Azərbaycanda bu il “Yer saatı” aksiyası nəinki Bakı şəhərində həmçinin Gəncə, Lənkəran və Lahıc da yerləşən yüksək elektrik enerjisi istehlak edən binalarda həyata keçiriləcək. Aksiya barədə barədə ətraflı məlumatı www.ideacampaign.org və www.earthhour.az saytından əldə etmək mümkündür.
Məlumdur ki, qloballaşan dünyada iqtisadiyyatın və elmi-texnologiyanın inkişafı ilə əlaqədar atmosferə atılan istilik effekti yaradan qazların həcmi artmaqdadır.
Bu proseslərin təsiri nəticəsində planetimizdə iqlim dəyişikliyi kimi qlobal problem mövcuddur ki, bu da bir sıra digər ekoloji problemlərin yaranmasına səbəb olur.
Qeyd edək ki, Yer saatı Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən 2009-cu ildə başlanılan və diqqətin iqlim dəyişilkiyi, ətraf-mühitin qorunmasına yönəldiyi kampaniyadır.
Hər ilin mart ayının son şənbə günü bütün dünyada milyonlarla insan bu aksiyada iştirak edərək simvolik olaraq elektrik enerjisindən istifadəni bir saat müddətində dayandırırlar. Həmçinin aksiyaya qoşulan böyük şəhərlərin simvolları olan binaların işıqlandırılması “Yer Saatı” müddətində dayandırılır.
Xatırladaq ki, 2011-ci il 26 mart tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda Bakı şəhərinin simvolu olan Qız qalasının işıqlarının söndürülməsi ilə Azərbaycan da qlobal kampaniyaya dəstək verən 120 ölkə sırasına daxil olmuşdur.