“Yer saatı” haqqında

“Yer saatı” kampaniyası Planetimiz üçün müsbət dəyişikliklər etmək məqsədilə yüz milyonlarla insanı ətrafına cəm edən qlobal ekoloji hərəkatdır. Kampaniyanın əsas hədəfi kütlənin gücündən yararlanaraq ətraf mühitə töhfə verməkdən ibarətdir.

“Yer saatı” ilk dəfə 2007-ci ildə Avstraliyanın Sidney şəhərində təşkil olunmuşdur. Həmin aksiya zamanı 2.2 milyon şəhər sakini və 2,000-dən çox təşkilat qlobal iqlim dəyişikliyinə qarşı çıxaraq bir saatlıq işıqları söndürmüşdülər. Artıq bir ildən sonra Earth Hour 35 ölkədə 50 milyondan artıq tərəfdaş toplayaraq qlobal hərəkata çevrilmişdir.

Hər il, mart ayının son şənbə günü, yerli vaxtla saat 20:30-da Yer saatı kampaniyası çərçivəsində ənənəvi hal almış və bir şəhərin təşəbbüsü ilə başlayıb sonradan 178 ölkə və 7000-dən çox şəhəri özünə cəlb edərək qlobal bir hadisəyə çevrilmiş “işıqların söndürülməsi” saatını qeyd edir. Sidney Harbour körpüsü, CN Toronto qalası, San Fransiskoda yerləşən Qızıl Qapı körpüsü, Roma şəhərində yerləşən Kolizey kimi dünyanın əzəmətli və nəzərəçarpan binaları Yer Saatı üçün qaranlığa qərq olurlar.

Daha ətraflı: http://www.earthhour.org