Martın 26-da Bakının simvolunun işıqları söndürüləcək

  • -
ehateam

Martın 26-da Bakının simvolunun işıqları söndürüləcək

Category : Blog

Bu il Azərbaycan ilk dəfə olaraq qlobal iqlim dəyişikliyi ilə mübarizə və təbiətin qorunmasına dəstək nümayişi olaraq “Earth Hour” aksiyasına qoşulacaq. “İRƏLİ” İctimai Birliyi ölkə daxilində kampaniya təşkilatçılığı hüququnu əldə edib.

Earth Hour kampaniyasının Azərbaycan üzrə koordinatoru və “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev qeyd edir: “İRƏLİ olaraq bu beynəlxalq kampaniya və layihələrdə iştirakımızın əsas məqsədi həm də dünyada baş verən proseslər və ümumbəşəri problemlərə laqeyd olmadığımızı göstərmək və Azərbaycan gəncinin müsbət imicinin möhkəmləndirilməsidir”.

Təşkilatın üzvləri tərəfindən Azərbaycanın bir neçə şəhərində keçirilməsi planlaşdırılan Earth Hour kampaniyası çərçivəsində ən böyük tədbir heç şübhəsiz ki, Bakı şəhərində təşkil olunacaq. Martın 26-0da saat 17:00-da İRƏLİ Gənclik Mərkəzində başlayacaq tədbir bir neçə hissədən ibarət olacaq. Təlim, şəhər oyunu və ekoloji aksiyalardan sonra iştirakçılar Qız Qalası ətrafında toplaşaraq Bakının simvolu olan abidənin işıqlarını təbiətin qorunması simvolu olaraq 1 saatlıq söndürəcəklər.

Kampaniyanın hazırlıqları artıq yekun mərhələyə qədəm qoyub. Təşkilatçılar iştirak edəcək şəxslərə tədbirin indiyə kimi görülməmiş dərəcədə maraqlı olacağını vəd edirlər. Earth Hour Azərbaycan kampaniyasında maraqlısınızsa əlavə məlumat üçün rəsmi sayta (earthhourazerbaijan.com), tədbirdə iştirak etmək üçünsə facebook event səhifəsinə (www.facebook.com) daxil ola bilər.

Qeyd edək ki, Earth Hour aksiyası ilk dəfə 2007-ci ildə Avstraliyanın Sidney şəhərində təşkil olunub. Həmin aksiya zamanı 2.2 milyon şəhər sakini və 2,000-dən çox təşkilat qlobal iqlim dəyişikliyi ilə mübarizə və təbiətin qorunmasına dəstək nümayişi olaraq bir saatlıq elektrikenerjisindən istifadəni dayandırıblar. Bundan sonra kampaniya ənənəvi olaraq hər il dünyanın müxtəlif ölkələrində keçirilməyə başlanıb. 27 mart 2010-cu ildə 128 ölkədə keçirilən Earth Hour rekord sayda tərəfdaş toplayaraq dünyanın ən böyük ekoloji kampaniyasına çevrilib. Aksiya boyunca Sidneydəki Harbour Bridge, Torontodakı CN Tower, San Fransiskodakı Golden Gate Bridge, Romadakı Colosseum kimi möhtəşəm tikililər ətraf mühitin qorunması simvolu olaraq qaranlığa qərq olub.